Ən çox rastlanan anadangəlmə əzələ-sümük sistemi patologiyalarından biridir.  Topuq və ayaq barmaqları aşağı və içə dönmüş vəziyyətdədir. Baldır və ayaq normadan qısa olur. Əyripəncəlikdə ağrı olmur və müalicə edilə bilən bir xəstəlikdir. Müalicə sonrası uşaq tam normal həyata dönə bilir.

Hər 1000 doğuşdan birində rastlanır. Hər 3 xəstədən birində patologiya iki tərəfli görülür. Hər 3 nəfərdən ikisi oğlan uşaqlarıdır. Valideynlərdən birində bu patologiya varsa uşaqda görülmə ehtimalı 3-4%-dir. Valideynlərin hər ikisində olubsa uşaqda olma ehtimalı 30%-ə qədər yüksəlir.

Diaqnoz müayinə zamanı qoyulur. Ana bətnində ikən 16 həftəlikdən sonra ultrasəs müayinəsi yardımı ilə bu patologiya hamiləlik zamanı da müəyyən edilə bilər. Bu patologiya ilə yanaşı uşaqda bud-çanaq oynağı displaziyası və əyriboyunluq rastlana bilər.  Bu patologiyalar da diqqətlə yoxlanılmalıdır.

Düzəltmə və gips qoyulması(Ponseti metodu)

ponseti

Bu patologiyanın müalicəsində ən yayılmış və effektiv metod Ponseti gipsləmə metodudur. Müalicə doğuşdan 1 həftə sonra başlanır.  Məqsəd ağrısız, funksional və düzgün ayaq əldə etməkdir. Həkim yavaşca və tədricən ayağı gərməklə düzəldir və bu vəziyyəti gips qoyaraq  qoruyur. Hər həftə bu şəkildə ayaq tədricən düzəldilərək gipsə qoyulur. Bu prosedura ortalama 6-8 gipslə sonlanır. Əyriliyin dərəcəsi və sərtliyindən asılı olaraq daha çox və ya daha az gips qoymaq lazım gələ bilər. Ən son gips öncəsi axil vətəri uzadılır. Bu prosedura əməliyyatxanada sedasiya altında dəridə yarım santimetrlik kəsik aparılaraq icra olunur və axil vətəri uzadılır. Ardından ayaq maksimum düzəldilmiş vəziyyətdə gipsə qoyulur. Son gips 2 həftə qaldıqdan sonra çıxarılır və ayaqlar  Dennis-Brown şinasına qoyulur. Bu şina 24 saat uşağın ayağına taxılı vəziyyətdə olur. Sadəcə bir neçə dəfə havalandırmaq və hərəkət üçün çıxarılır. İlk 3 ay hər şey qaydasında davam etdikdə, daha sonra şina gündüzlər və gecələr körpə yatarkən taxılır. Dennis- Brown şinası uşaq 3-4 yaşına gələnə qədər taxılır. Bu şina taxılmadıqda ayaq yenidən əyilə bilər. Bundan əlavə uşaqlar 7-8 yaşına qədər illik kontrola çağrılmalıdır. Ponseti metodu xəstə 3-4 yaşına qədər olduqda, digər metodlar fayda vermədikdə və deformasiya təkrarlandıqda və ya yumşaq toxuma əməliyyatından öncə tətbiq edilə bilər. Ponseti metodu haqqında daha ətraflı məlumatı Əyripəncəlik:Ponseti Müalicəsi (2008, 3-cü nəşr) kitabında tapa bilərsiniz.

1 2 3 4 5 6 7 8 9 10

Cərrahi müalicə

Bəzən gərmə və gipsləmə ayağı tam düzəltməyə bilər. Bu daha çox teratoloji (mielomeninqosel, artroqripozis və s.) əyripəncəliklərdə rastlanır. Xüsusilə də 3-4 yaşından böyük uşaqlarda gips müalicəsi deformasiyanı tam düzəltmədikdə və ya xəstə ilk bu yaşdan sonra müraciət etdikdə  cərrahi müalicə lazım olur. Yumşaq toxuma əməliyyatı olaraq vətər uzatma və vətər köçürməsi əməliyyatları icra edilə bilər. Daha böyük uşaqlarda(6 yaşdan böyük) düzəldici osteotomiyalar icra edilir. Uşağın yaşı böyüdükcə əməliyyatın ağırlığı artır, nəticələr pisləşir.

Rəy bildir