Karpal tunel sindromu əldə və barmaqlarda ağrı, keyləşmə və paresteziyalar ilə özünü göstərən patologiyadır. Bu problem əl bilək kanalından keçən orta(median) sinirin müxtəlif səbəblərlə sıxışmasına bağlı yaranır.
Zaman keçdikcə karpal tunel sindromu xəstəliyi ağırlaşır, ona görə də erkən diaqnoz və müalicə önəmlidir. İlkin dövrlərdə simptomlar əl biləklik taxılaraq və ya müəyyən aktivlikdən uzaq duraraq yüngülləşdirilə bilər. Orta sinirin sıxılması davam etdikdə şikayətlər çoxalır və sinir zədələnməsi ciddiləşir. Sinirin zədələnməsinin qarşısını almaq üçün xəstələrə sinirin azad edilməsi əməliyyatı məsləhət görülə bilər.
1. Əldə ağrı və ovucda əzələ atrofiyası
Anatomiya
Karpal tunel əl biləkdə yerləşən təqribən 2sm ölçüsündə dar boşluqdur. Bu kanalın döşəməsi və yan hissələri əl darağı sümüklərindən əməl gəlir. Kanalın tavanını qalın birləşdirici toxumadan əmələ gələn köndələn karpal bağ təşkil edir. Kanalın sərhədləri sərt toxumalardan əmələ gəldiyi üçün genişlənmə qabiliyyəti azdır.
Orta sinir əldə ən əsas sinirlərdən biridir. Bu sinir boyun nahiyəsində bir neçə kökdən şaxə alaraq əmələ gəlir. Orta sinir qoldan və saiddən aşağı enərək karpal tunel içindən keçir və ələ daxil olur. Bu sinir 1,2,3 və 4. barmağın bayır tərəfinin hissiyatını alır. Eyni zamanda, ovucdakı əzələlərin hərəki kontrolu da bu sinirdədir. Karpal tuneldən orta sinirlə birlikdə barmaqların bükücü vətərləri də keçir.
2.Karpal tunel və içindən keçənlər
Karpal tunel sindromu zamanı tunel daralır və ya bükücü vətərləri əhatə edən vətər yatağı şişkinləşdiyi üçün orta sinir sıxışır. Vətər yataqları vətər ətrafında sürüşkənlik yaradaraq barmaqların rahat hərəkətini tənzimləyir. Vətər yatağı şişkinləşdikdə karpal tuneldə əlavə sahə tutur və sinir sıxılır. Sinirə olan bu qeyri normal təzyiq ağrıya, keyləşməyə və zəifliyə səbəb olur.
3. Orta sinirin karpal tuneldə sıxışması
Səbəblər
Karpal tunel sindromunun səbəbləri arasında çoxlu faktorlar eyni anda ola bilər. Bu problem daha çox qadınlarda və yetişkin insanlarda görülür.
Karpal tunel sindromuna səbəb olan risk faktorları aşağıdakılardır:
Genetik faktor: Karpal tunel bəzi insanlarda dardır və ya anatomik xüsusiyyətlərə görə sinirə qalan sahə azdır.
Yorucu əl istifadəsi: Eyni əl və barmaq hərəkətlərinin təkrar-təkrar uzun müddət davam etdirilməsi vətər yataqlarının şişkinləşməsinə və sinirin sıxışmasına səbəb ola bilər.
Əl və əl bilək vəziyyəti:Əlin və əl biləyin uzun müddət davam edən bükücü və açıcı vəziyyətdə qalması sinirə olan təzyiqi artıra bilər.
Hamiləlik:Hamiləlik vaxtı hormonal dəyişikliklər karpal tuneldə şişkinlik yarada bilər.
Daxili xəstəliklər:Diabet, Revmatoid artrit xəstəlikləri və qalxanabənzər vəzidə hormonal dəyişikliklər karpal tunel sindromuna səbəb ola bilər.
Əl bilək səviyyəsində travma: Daraq sümükləri və distal mil sümüyü sınıqları
Simptomlar
Keyləşmə, yanma hissi və ağrı – xüsusilə 1,2,3 və 4. barmaqlarda
Bəzən cərəyan vuran şəkildə 1,2,3 və 4 barmağa yayılan hissiyatlar
Saidə və çiyinə qədər yayılan ağrı və keyləşmə hissiyatı
Əl hərəkətlərində zəiflik və lənglik – düyməni düymələmək kimi incə əl işlərinin çətinləşməsi.
Əşyaların əldən düşürülməsi – zəiflik, keyləşmə və ya propriosepsiya hissiyatının azalmasına bağlı.
Çox hallarda, karpal tunel sindromu şikayətləri travma almadan tədricən başlayır və artır. Xəstələrin çoxunda ilk dövrlərdə simptomlar başlayır və ya itir. Gün içində xəstənin əl biləyi uzun müddət bükülü və açıcı vəziyyətdə durduqda (əl telefonu istifadəsi, maşın sürmə və ya kitab oxuma və s.) şikayətlər əmələ gəlir. Bir çox xəstələr əlini hərəkət etdirməklə və ya silkələməklə müvəqqəti rahatlıq tapa bilirlər.
Fiziki Müayinə
Müayinə zamanı həkiminiz sizə ümumi sağlamlığınız, tibbi anamnez və şikayətləriniz haqqında suallar soruşa bilər. Həkiminiz diqqətlicə sizin əl və əl biləyinizdə müxtəlif testlər apara bilər.
4. Tinel testi
Həkiminiz əl biləyinizi öndən əli ilə sıxa bilər və ya əl bilək ön səthinə əli ilə vuraraq keyləşmə və ya ağrıların olub olmadığını yoxlaya bilər (Tinel əlaməti).
Əl biləyinizi bükülü vəziyyətdə tutmağınızı və barmaqlarda keyləşmə olub olmadığını yoxlaya bilər.
Gözünüz bağlı ikən xüsusi alətlə barmaq uclarına toxunaraq hissiyatı öyrənə bilər.
Baş barmaq ətrafındakı əzələlərin zəifliyini yoxlaya bilər.
Baş barmaq ətrafında olan tenar əzələlərin atrofiyasının (kiçilməsinin) görünüşü ilə maraqlana bilər.
Testlər
Elektrofizioloji testlər. Bu testlər vasitəsilə orta sinirin nə dərəcədə işlədiyi və nə dərəcədə sıxışdığı araşdırılır. Bu test vasitəsilə digər sinirlərdə problem olub olmadığı (neyropatiya) da öyrənilə bilər. Elektrofizioloji testlərə bunlar daxildir:
5. EMG və sinir keçiriciliyi testi
Sinir keçiriciliyi testləri. Bu test vasitəsilə əldə və qolda sinirdən siqnalların ötürülməsi ölçülür və siqnalların ötürülmə effektivliyi öyrənilir. Bu test vasitəsilə xəstəliyin ağırlıq dərəcəsi müəyyən edilir.
Elektromioqram(EMG). EMG əzələlərdə elektrik aktivliyi ölçür. EMG vasitəsilə sinir və ya əzələdə zədələnmə olub olmadığı göstərilir.
Ultrasəs. Əl bilək kanalında əzələlərin və sinirin vəziyyətini öyrənmək üçün istifadə edilə bilər.
X-ray(rentgen). Əl biləkdə sümük və oynaqlarda digər problemərin ayırd edilməsi üçün istifadə edilir.
MRT(Maqnit rezonans tomoqrafiya). Sümük, sinirdə və yumşaq toxumada olan problemləri, kanalı dolduran törəmələri, sinir ətrafındakı çapıq toxumasını və s. aydın göstərə bilər.
Müalicə
Xəstəlik müalicə edilməzsə, getdikcə şikayətlərin artma yönündə olur. Bu səbəblə, xəstəliyin həkim tərəfindən erkən diaqnozunun qoyulması önəmlidir. Erkən dövrlərdə uyğun müalicə ilə xəstəliyin gedişatını yavaşlada və durdura bilərik.
Konservativ müalicə
Erkən dövrdə xəstəliyin diaqnozu qoyulub müalicəyə başlandıqda cərrahiyyəsiz müalicə faydalı ola bilər. Konservativ müalicəyə aşağıdakılar daxildir:
Breys və ya splint taxılması. Gecə yatarkən breys taxılması əlinizin bükülü vəziyyətdə qalmasını önləyəcək. Əlinizin neytral və ya düz vəziyyətdə qalması karpal tuneldə sinir üzərinə təzyiqi azaldacaqdır. Bəzən şikayətləri artıran günlük hərəkətləri azaltmaq üçün breys gün içində də taxıla bilər.
6. Əl biləklik-splint taxılması
Qeyri steroid iltihab əleyhinə dərmanlar.İbuprofen və ya naproxen kimi dərmanlar ağrı və iltihabı azaldacaqdır.
Hərəkət aktivliyinin dəyişdirilməsi. Əl və əl biləyi uzun müddət eyni vəziyyətdə qaldıqda (məs. əl biləyin bükülmüş və ya açılmış vəziyyəti) şikayətlər artır. İş və istirahət zamanı müəyyən əl hərəkətləriniz şikayətlərinizi artırırsa, bu hərəkətlərin dəyişdirilməsi və ya durdurulması xəstəliyin inkişafını azalda və ya dayandıra bilər. Bəzən iş alışqanlığınızı və ya hətta iş yerinizi belə dəyişdirmək lazım gələ bilər.
Sinir üçün gimnastikalar. Bəzi xəstələr orta sinirin karpal tuneldə rahat hərəkətinə kömək edən gimnastikalardan fayda görə bilər. Ona görə həkiminiz sizə bunun üçün spesifik gimnastikalar verə bilər.
Steroid inyeksiyası. Kortikosteroid və ya kortizon karpal tunelə inyeksiya edilə bilən güclü iltihab əleyhinə dərmandır. Bu inyeksiyalar çox vaxt şikayətləri azaltdığı halda effekti bəzən müvəqqəti olur. Kortizon inyeksiyası eyni zamanda diaqnozun qoyulmasında da istifadə oluna bilər.
7. Karpal tunelə steroid inyeksiyası
Cərrahi müalicə
Konservativ müalicə üsulları işə yaramadıqda, həkiminiz sizə cərrahi müalicə təklif edə bilər. Cərrahi əməliyyat göstərişi xəstəliyin ağırlıq dərəcəsinə görə verilir. Eləcə də, konservativ müalicənin fayda vermədiyi hallarda davamlı keyləşmə olduqda və ovuc əzələlərini qurtarmaq üçün cərrahi əməliyyat edilir.
Cərrahi prosedura
Karpal tunel sindromu üçün edilən əməliyyat “karpal tunel açılması” əməliyyatı adlanır. Bunu həyata keçirmək üçün iki müxtəlif cərrahi əməliyyat var, amma ikisində də məqsəd təzyiq altında olan sinirin azad olunmasıdır. Bu əməliyyat nəticəsində tunel genişləndirilir və orta sinir təzyiqdən azad edilir. Əksər hallarda cərrahi əməliyyat sonrası xəstə eyni günü evə yazılır. Əməliyyat ümumi anesteziya altında, iv anesteziya-sedasiya altında və ya yerli keyləşdirmə altında edilə bilər.
Açıq karpal tunel əməliyyatı
Açıq əməliyyatda əl bilək ön tərəfində kiçik kəsik aparılır və cərrah siniri görərək hərəkət edir. Bu prosedurada köndələn karpal bağ kəsilir. Bu prosedura nəticəsində karpal tunel genişlənir və sinir təzyiqdən azad olur. Əməliyyatdan sonra bağ tədricən yenidən birləşir, amma karpal tuneldə daha geniş sahə qalır və sinir sıxışmır.
8. Açıq karpal tunel əməliyyatı
Endoskopik karpal tunel açılması
Endoskopik cərrahiyyə zamanı əl biləkdə bir və ya iki kiçik kəsiklər-portallar edilir və kiçik miniatür kamera istifadə edilərək kanalın içi görüntülənir. Bu zaman xüsusi bıçaq istifadə edilərək köndələn karpal bağ açıq cərrahiyyədəki kimi kəsilir.
9. Endoskopik karpal tunel əməliyyatı
Açıq və endoskopik əməliyyatın nəticələri eynidir. Bu iki üsulun biri birinə olan üstün və çatışmayan cəhətləri var.
Sağalma dövrü
Əməliyyatdan sonra barmaqlar və əlin ciddi şəkildə şişməməsi, sərtlik yaranmaması üçün əlinizi yüksəkdə saxlamalı və barmaqlarınızı hərəkət etdirməlisiniz. Əməliyyat sonrası əldə az ağrı, şişkinlik və sərtlik keçici olacaq və bir neçə həftə çəkə bilər. Barmaqlarda sıxma və çimdikləmə gücü iki – üç ay içində yavaş-yavaş geri dönür. Əməliyyatdan əvvəl orta sinir uzun müddət ağır dərəcədə sıxışma altında idisə əldə sıxma və çimdikləmə gücü 6-12 aya qədər yaxşılaşmaya bilər.
Əməliyyatdan sonra bir neçə həftə breys taxmaq lazım ola bilər. Əlinizlə ilk dövrlərdə yüngül işlər görə bilərsiniz. Maşın sürmə, özünə qulluq və yüngül ağırlıq qaldırma işlərinə əməliyyatdan qısa müddət sonra icazə verilə bilər. Həkiminiz tərəfindən sizə əməliyyatdan sonra hansı hərəkəti edib etməyəcəyiniz izah ediləcək.
Ağırlaşmalar
Ağırlaşmalar bütün əməliyyatlardan sonra yarana biləcəyi kimi, həkiminiz bu əməliyyata bağlı ağırlaşmaları azaltmaq üçün tədbirlər görəcəkdir. Karpal tunel açılması əməliyyatında sonra ən six görülən ağırlaşmalar bunlardır.
- Qanama
- İnfeksiya
- Sinirin travması
Nəticələr
Əksər xəstələrdə cərrahiyyə sonrası simptomlar azalır. Sağalma, tədricən baş verir və bəzən bir ilə qədər davam edir. Əməliyyat sonrası 2 aydan çox əldə ağrı və zəiflik davam edərsə fizioterapevtə yönləndirmək lazım gələ bilər. Əldə ağrı yaradan artroz və tendinit kimi yanaşı gedən xəstəliklərdə sağalma müddəti daha uzun sürür. Əldə ciddi hissiyat pozğunluğu və ovuc əzələlərinin atrofiyası ilə müşayiət olunan ağır karpal tunel sindromunda sağalma uzun çəkir və bəzən problemlər qalıcıdır. Nadir hallarda karpal tunel sindromu cərrahiyyə sonrası təkrarlanır. Belə olduqda təkrari konservativ və ya cərrahi müalicə tələb oluna bilər.
Rəy bildir
salam.
Replydioqnozun dəqiq olduğuna nə qədər əmin olmaq olar.
Əməlyatın xaricdə aparılmasına ehtiyac varmı?
salam.
Replydioqnozun dəqiq olduğuna nə qədər əmin olmaq olar.
Əməlyatın xaricdə aparılmasına ehtiyac varmı?
salam.
Replydioqnozun dəqiq olduğuna nə qədər əmin olmaq olar.
Əməlyatın xaricdə aparılmasına ehtiyac varmı?
Salam doxdur mende 4ile az qalib karpal tunel elametleri askarlanib ne etmek olar buna emelyat yoxsa fiziterapiya?
ReplySalam. Sinir sıxışması ağır dərəcədədirsə əməliyyat ehtiyacı ola bilər.
Reply